logo

Pentaqon İŞİD lideri ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayıb

11:10 31-10-2019 | icon 2457
Pentaqon İŞİD lideri ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayıb

İŞİD rəhbəri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyatın gedişində altı silahlı, o cümlədən dörd qadın öldürülüb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general-leytenant Kennet-Makkenzi ötən gün Ağ evdə jurnalistlər üçün təşkil olunmuş brifinqdə bildirib.

“Dinc əhali arasında itkilərə yol verməmək, həmçinin obyektdə olan uşaqları qorumaq üçün bütün lazımi tədbirlər görülmüşdü. Orada xüsusi təyinatlı qüvvələrə təhlükə törədə biləcək beş İŞİD yaraqlısı var idi. Ərəbcə silahı ataraq təslim olmaq əmrinə tabe olmayan silahlılar öldürülüb. Onlardan dördü qadın olub”, - deyə Makkenzi bildirib.

Onun sözlərinə görə, Pentaqon əməliyyata dair bir neçə fotoşəkili və videoyazını dərc edib. Pentaqon nümayəndəsi, həmçinin xüsusi təyinatlı qüvvələrin tapdıqları sənəd və elektron qurğunu müsadirə etdiyini deyib.

Xatırladaq ki, ötən bazar günü Donald Tramp Suriyada keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü elan edib. Həmçinin digər əməliyyat nəticəsində İŞİD liderliyinə namizəd ola biləcək , qruplaşmada yüksək vəzifəli komandirlərdən biri Əbu əl-Həsən əl-Mühacir də məhv edilib.