logo

Leyla Zeynalova Riqada gənc pianoçuların VIII beynəlxalq müsabiqəsinin qalibi olub

21:47 30-10-2019 | icon 5152
Leyla Zeynalova Riqada gənc pianoçuların VIII beynəlxalq müsabiqəsinin qalibi olub

Azərbaycanlı Leyla Zeynalova Riqada keçirilən gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində uğurla çıxış edərək birinci olub. Onun ifaçılıq istedadı üç mükafata layiq görülüb.

YeniAvropa xəbər verir  ki, pianoçumuz İohan Baxın musiqilərinin, latviyalı bəstəkar M.Drustenin “Folk Impression” əsərinin ən yaxşı ifaçısı kimi fərqlənməklə yanaşı, Almaniyanın Aynbek şəhərində keçiriləcək Qış Akademiyasına dəvət alıb və münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfindən təsis olunan daha bir xüsusi mükafatla təltif edilib.

Pianoçunun Riqadakı çıxışı ilə bağlı təəssüratlarını bölüşən musiqişünas, professor Zümrüd Dadaşzadə deyib: “Leyla Zeynalovanın adı musiqi ictimaiyyətinə yaxşı bəllidir. Nadir istedada malik Leyla Bülbül adına orta ixtisas musiqi məktəbində, eyni zamanda, iki – violin və fortepiano ixtisasları üzrə təhsil alıb. Onun qardaşı Rüstəm Zeynalov hazırda Moskva Konservatoriyasının aspirantıdır. Mən Leyla ilə 2017-ci ildə tanış olmuşam. Həmin vaxt Leyla istedadı ilə məni heyran etmişdi. Riqadakı müsabiqədə Leyla iki turda Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən ibarət rəngarəng proqram təqdim edərək latviyalı dinləyiciləri və mütəxəssislərinin qəlbini fəth edə bildi”.

Xatırladaq ki, prezident təqaüdçüsü olan L.Zeynalova hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir və professor Kəmalə Neymanovanın sinfində təhsil alır. O, bir sıra müsabiqələrin - Azərbaycan, Almaniya, İngiltərə, Estoniya, Belçika, Danimarkada keçirilən ifaçılıq yarışlarının laureatıdır.