logo

Etiraz aksiyaları Livanın baş nazirini istefa verməyə məcbur etdi

21:47 29-10-2019 | icon 2401
Etiraz aksiyaları Livanın baş nazirini istefa verməyə məcbur etdi

Livanın baş naziri Saad Hariri koalisiya kabinetinin rəhbəri postundan istefa vermək qərarına gəldiyini elan edib.

YeniAvropa xəbər verir  ki, Saad Hariri “Al Mayadeen” televiziyasının canlı yayımladığı müraciətində istefa barədə ərizəsini dövlət başçısına təqdim etmək üçün prezident sarayına yollanacağını deyib. “Mən bir çox livanlının istəyini həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam prezidentin sərəncamında olan məsələdir”, - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, böhrandan çıxış yolu tapmağa və xalqın tələbinə cavab verməyə çalışsa da, bütün cəhdləri dalana dirənib. Hariri livanlıları sülhü qorumağa və iqtisadi vəziyyətin ağırlaşmasına yol verməməyə səsləyib.

Saad Haririnin istefa barədə bəyanatı ölkədə oktyabrın 17-dən davam edən etiraz aksiyaları fonunda səslənib. Nümayişçilər Beyrutun mərkəzi meydanlarında koalisiya kabinetinin istefasını, parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini istəyirlər.

Etirazçılar ötən həftə prezident Mişel Aunun hakimiyyətlə konstruktiv dialoq təklifini və Baş Nazirin böhran əleyhinə islahatlar planını rədd ediblər.