logo

SOCAR-ın qayığında baş vermiş partlayışa görə cinayət işi başlanıb

18:57 29-10-2019 | icon 2282
SOCAR-ın qayığında baş vermiş partlayışa görə cinayət işi başlanıb

Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçikhəcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində həlak olub, digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə açıqlamasında qeyd edilib. Məlumatda bildirilir ki, hadisə zamanı xəsarət almış şəxslər təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdiriliblər. Zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb, yüksək ixtisaslı həkimlər cəlb edilib. Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin başvermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.