logo

Sabah Bakıda 22° isti olacaq

15:16 28-10-2019 | icon 2303
Sabah Bakıda 22° isti olacaq

Ölkə ərazisində oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 19-22° isti, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 763 millimetr civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 29-30-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.