logo

Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib

11:49 28-10-2019 | icon 2422
Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib

Kaliforniya ştatında meşə yanğınlarının əhatə etdiyi ərazi genişlənməkdə davam edir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bununla əlaqədar, ştatın qubernatoru Gevin Nyusom bazar günü bütün ştatda fövqəladə vəziyyət elan edib. Bundan əvvəl - cümə günü isə güclü yanğınlarla əlaqədar Los-Anceles və Sonoma dairələrində fövqəladə vəziyyət elan edilmişdi.

Ştatın yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki, “Kincade Fire” adlanan yanğın nəticəsində Sonoma dairəsində 30.000 akr (1akr=0,4 hektar) ərazi yanıb, Los-Anceles dairəsində isə “Tick Fire” adlanan yanğın 4.615 akr sahəni əhatə edib.

Qubernator Nyusom bazar günü deyib: “Biz bu yanğınları söndürmək üçün bütün əlçatan resursları səfərbər edirik və çoxsaylı təşkilatlarla birgə fəaliyyəti əlaqələndiririk. Təxliyə zonalarında insanların rəsmi şəxslərin və çevik xidmətlərin xəbərdarlıqlarına riayət etmələri çox vacibdir”.

Hakimiyyət nümayəndələri bildiriblər ki, “Tick Fire” yanğınının əhatə dairəsində şənbə günü insan cəsədləri aşkar edilib. Yanğının davam etməsi ilə əlaqədar elektrik enerjisi verilişində fasilələr yaranacağı gözlənilir. Bu vəziyyət azı 3 milyon insana aid olacaq.

Los-Anceles dairəsinin rəhbəri Ketrin Barger mətbuat konfransında bildirib ki, yağınların əhatə etdiyi ərazilərdən on minlərlə insanın təxliyəsi üzrə tədbirlər başlanıb. O deyib: “Bu, Santa-Klaritada indiyə qədər həyata keçirdiyimiz ən genişmiqyaslı təxliyədir”.

Hildsburq və Vindzor şəhərlərində 50.000 insan üçün təxliyə barədə yeni xəbərdarlıq edilib. Santa-Roza şəhərətrafı ərazisi ilə Sakit okean sahilləri arasındakı yaşayış məntəqələrinin 43.000 sakini artıq təxliyə edilib. Ekspertlər bildirirlər ki, Kaliforniyada son illərdə yüzlərlə insanın həyatına son qoymuş çoxsaylı yanğınlar iqlim dəyişmələrinin nəticəsidir.