logo

Tramp İŞİD liderinin öldürüldüyünü təsdiqləyib

20:41 27-10-2019 | icon 2786
Tramp İŞİD liderinin öldürüldüyünü təsdiqləyib

ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib. Əməliyyat Suriyanın Türkiyə ilə sərhəddinin şimal-qərbdəki İdlib şəhəri yaxınlığındakı Barişada kəndində həyata keçirilib.

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, faktı ABŞ prezidenti Donald Tramp təsdiqləyib.

ABŞ prezidenti Ağ Evdə jurnalistlərə bildirib ki, İŞİD terror qruplaşmasının lideri Suriyadakı əməliyyatda öldürülüb. O qeyd edib ki, əməliyyat zamanı ABŞ ordusunun hərbçiləri xəsarət almayıb.

Tramp həmçinin, əməliyyat zamanı Əbu Bəkr əl-Bağdadinin bir çox silahdaşının da məhv edildiyini bildirib.

Bağdadini çoxdan təqib etdiklərini vurğulayan Tramp “ABŞ dünyanın bir nömrəli terror liderini zərərsizləşdirdi”, - deyə vurğulayıb.

Əməliyyat 8 ABŞ helikopteri tərəfindən təxminən 90 dəqiqə davam edib. Tramp və komandası əməliyyatı anbaan izləyib.

“Texnologiyanın yardımı ilə o terrorçunun tuneldə öldürülməsini Müdafiə Naziri və bir neçə generalla birlikdə izlədik. Əbu Bəkr əl-Bağdadinin yanındakı terrorçular müqavimət göstərməyə çalışsalar da, qısa müddətdə zərərsizləşdirildilər. Tuneldə gizlənən Əbu Bəkr əl-Bağdadini 3 uşağını da yanında götürərək qaçmağa başladı. Həmin tunelin çıxışı yox idi. Üzərindəki partlayıcı qurğunu işə saldı, özü ilə bərabər 3 uşağını da öldürdü. Əməliyyatda bir amerikalı əsgər belə yaralanmadı. Əbu Bəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü”,-deyə ABŞ prezidenti vurğulayıb.