logo

Bakıda XXV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb

11:15 22-10-2019 | icon 2625
Bakıda XXV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb

Oktyabrın 22-də Bakı Expo Mərkəzdə XXV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb. Sərgidə dünyanın  23 ölkəsindən 280 şirkət iştirak edir.

YeniAvropa xəbər verir  ki, sərginin açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər respublikada 100-lərlə mühüm obyekt və sənaye müəssisələri yaradılıb, ixracın həcmi yüksəlib.

Nazir müavini hər il Bakıda keçirilən inşaat sərgisinin mühüm əhəmiyyətini qeyd edərək, sözügedən sərginin həm də respublikamızda bu sahəyə olan diqqətin bariz nümunə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən “Caspian Evebt Organisers” şirkətinin regional meneceri Edvar Stroon qeyd edib ki, bu il “BakuBuild” sərgisi  üçün əlamətdar bir ildir: "Regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. 1995-ci ildən keçirilən sərgi bu illər ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən 5 000-ə yaxın şirkəti bir araya gətirib. Azərbaycanın hüdudlarından çox uzaqlarda da tanınan “BakuBuild” sərgisi özünü işgüzar əlaqələrin qurulduğu, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayiş olunduğu etibarlı işgüzar platforma kimi doğrulda bilib. “BakuBuild” sərgisinin vacibliyini layiqincə qiymətləndirməmək olmaz. Belə ki, məhz sərgi vasitəsi ilə ölkə bazarında yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İştirakçıların bir çoxu artıq uzun illərdir ki, sərgiyə qatılaraq öz tarixini sərginin tarixi ilə bölüşür. Bu il sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır”.

Edvar Stroon  daha sonra qeyd edib ki, ötən il ilə müqayisədə bu il “BakuBuild” sərgisinin ərazisi 10% böyüyüb, iştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir: "Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiyanı 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib".

Tədbirdə çıxış edən digər natiqlər  sərginin Azərbaycanda tikinti sektoruna öz töhfəsini verəcəyinə əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, “BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi - “Caspian MebelExpo”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi - “Securex Caspian” və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi “Aquatherm Baku 2019” keçiriləcək.

Xatırladaq ki, “BakuBuild” sərgisi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

Sərgi oktyabrın 25-dək davam edəcək.