logo

Azərbaycan Türkiyənin antiterror əməliyyatlarını hər zaman dəstəkləyib

18:13 21-10-2019 | icon 2219
Azərbaycan Türkiyənin antiterror əməliyyatlarını hər zaman dəstəkləyib

Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi istər “Sülh çeşməsi”, istərsə də digər antiterror əməliyyatlarını dəstəkləyib. Azərbaycan həqiqətən də bir millət, iki dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirib.

 YeniAvropa xəbər verir  ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral oktyabrın 21-də keçirdiyi mətbuat konfransında deyib. Diplomat qeyd edib ki, Türkiyə və Azərbaycan xalqlarının qəlbləri hər zaman eyni döyünüb. Buna görə Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik.

Səfir bildirib ki, Suriyanın şimalında terrorçuların yerləşməsi və Türkiyənin buna laqeyd qalmayacağı barədə bütün dünyaya xəbərdarlıq olunub: "Uzun illərdir ki, Suriyada davam edən vətəndaş müharibəsinin çətinliklərini bu ölkədən sonra çəkən ikinci ölkə Türkiyədir. Suriyadakı müharibədən qaçanlara ən çox Türkiyə qucaq açıb. Biz 3 milyon 650 mindən çox suriyalıya qucaq açmışıq, onlara qardaşlığımızı göstərmişik. Türkiyə bu günədək suriyalı qaçqınlar üçün 40 milyard dollar məbləğində vəsait xərcləyib. Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib. Türkiyə Suriyada sülhün bərpa olunmasını istəyir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".

Erkan Özoral vurğulayıb ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb. Əksinə, bəzi ölkələr Türkiyənin mübarizə apardığı terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib.