logo

Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış etdi

13:15 19-10-2019 | icon 2303
Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış etdi

Müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun 28 May stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib. Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Bu barədə YeniAvropa-ya Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə bildirilir ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcək. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcək. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050-206-96-02; 055-288-95-53.

Azərbaycan Mətbuat Şurası, eyni zamanda, mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkcələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.

Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq.

Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkcələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır.