logo

Oqtay Əsədov Yaponiya imperatorunun taxta çıxma mərasimində iştirak edəcək

16:57 18-10-2019 | icon 2289
Oqtay Əsədov Yaponiya imperatorunun taxta çıxma mərasimində iştirak edəcək

Oktyabrın 22-də keçiriləcək Yaponiya İmperatoru Naruhitonun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

YeniAvropa Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibində, həmçinin ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Milli Məclisin rəsmi nümayəndələri olacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ümumiyyətlə taxta çıxma mərasimində 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Tədbirin yüksək səviyyəli qonaqları arasında Böyük Britaniyanın şahzadəsi Çarlzın, Çin sədrinin müavini Van Tsişanın və digər dövlətlərin rəsmi nümayəndələrinin olacağı bildirilir.

Xatırladaq ki, Yaponiyanın indiki İmperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. Buraya İmperator ailəsinə məxsus olan qılınc və yaşma daşı daxildir. Ailənin üçüncü müqəddəs reqaliyası olan metal güzgü Günəş Allahı Amaterasunun məbədində saxlanılır. Bu Allah həm də İmperatorlar ailəsinin mifik xələfi hesab olunur.

Qeyd edək ki, İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissələrinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı. Lakin oktyabrın 12-də ölkənin mərkəzi hissəsinə böyük ziyan vuran “Hagibis” tufanı nəticəsində 78 nəfərin həlak olması səbəbindən bu gün təntənəli paradın noyabrın 10-da keçirilməsi barədə qərar qəbul edilib.

Taxta çıxma mərasiminin özü isə əvvəlcədən planlaşdırıldığı kimi oktyabrın 22-də keçiriləcək.