logo

Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

15:30 18-10-2019 | icon 2534
Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016-cı ildə aldığı Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 min 360 kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binasını 112 milyon avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satıb.

YeniAvropa xəbər verir  ki, bu barədə ARDNF məlumat yayıb. Bildirilib ki, “Palazzo Turati” ofis binasının icarəçisi qismində İtaliyanın dövlət qurumu olan Milan Ticarət Palatası çıxış edir. 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan ümumilikdə təqribən 26 milyon avro həcmində gəlir (qiymət artımından və icarədən əldə edilən gəlirlər) əldə edib ki, bu da illik 7,2 faiz gəlirlilik deməkdir.

Binanın satışı ilə əlaqədar ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib: “Ümumilikdə biz bu daşınmaz əmlakın satışını uğurlu hesab edirik. Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-nin daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da öz növbəsində daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da şaxələndirilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır.”