logo

Xaçmazda “Volk Qədir” ləqəbli narkotacir saxlanılıb

12:16 17-10-2019 | icon 2212
Xaçmazda “Volk Qədir” ləqəbli narkotacir saxlanılıb

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonu Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənovu kənd ərazisində yerləşən meşəlik ərazidə saxlayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hal şahidlərinin iştirakı ilə axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən olunub.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan, Pərdiqran kənd sakini, əvvəllər məhkum olunan, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazidə yetişdirdiyini etiraf edib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılır.