logo

Bakıda Azərbaycan-Qatar  iqtisadi əməkdaşlığı müzakirə edilib

20:58 16-10-2019 | icon 2597
Bakıda Azərbaycan-Qatar  iqtisadi əməkdaşlığı müzakirə edilib

Oktyabrın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.

FHN-dən  YeniAvropa-ya bildiriblər ki, tədbirdə Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamarın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli və işçi qrupunun iclasına dəvət olunan dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli qonaqları Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərovun adından salamlayıb. O qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və siyasi iradə ikitərəfli əməkdaşlığın inkişafına təkan verən əsas amil olub. Belə ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri münasibətlərimizin sürətli inkişafı, iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açıb. Bu səylərin davamı olaraq yaradılan Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verib. Komissiyanın fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan ilə Qətər arasında ticarət əlaqələrinin daha da genişlənməsi müşahidə edilib və ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb.

Ərgüc Kələntərli bildirib ki, komissiya daxilində yaradılmış Sərmayə üzrə Birgə İşçi Qrupu və qarşılıqlı səylər yeni investisiya imkanlarını araşdırmaq və birgə layihələr həyata keçirməklə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafına daha da təkan verəcək.

Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid Bin İbrahim Əl Hamar səmimi qonaqpərvərliyə və iclasın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkənin milli maraqlarına, xalqlarının və rəhbərliklərinin gözləntilərinə xidmət naminə əldə edilmiş nailiyyətlərin qorunub saxlanılması və ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində səylərin göstərilməsi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov vurğulayıb ki, ölkələrimiz arasında yaradılmış ikitərəfli əlaqələr İşçi Qrupu çərçivəsində bundan sonra daha da dinamik inkişaf edəcək. Səfir mövcud ikitərəfli inkişafın sevindirici hal olmaqla yanaşı, iki ölkə arasında fəaliyyət göstərən komissiyanın əhatə etdiyi bütün sahələr, o cümlədən sərmayə əməkdaşlığı üzrə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə İşçi qrupunun gündəliyində duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.