logo

Bərdədə “Bala Tofiq” ləqəbli leş ət satan dələduz aşkar edilib

11:55 15-10-2019 | icon 2275
Bərdədə “Bala Tofiq” ləqəbli leş ət satan dələduz aşkar edilib

Qida Təhlükəsizliyi Agentliyinın əməkdaşları ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti tədbiri hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər. Daxil olan məlumat əsasında Bərdə rayonunun Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonunun Soyuqbulaq kənd sakini “Bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  YeniAvropa -ya verilən məlumata görə, baxış zamanı onun həyətyanı sahəsində mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yararsız və sümükdən ayrılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kiloqram ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.