logo

Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

10:57 15-10-2019 | icon 1946
Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki, görüşdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, təşkilatda müşahidəçi statusunda  Macarıstanın baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edəcəklər.

Qeyd edək ki, qonaqlar dünəndən artıq Bakıdadırlar. Oktyabrın 14-də, Türk Şurası Zirvə Görüşü çərçivəsində həmçinin,  Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi) görüşü  və  Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib.    

Xatırladaq ki,  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub. Macarıstan isə təşkilatda müşahidəçi statusundadır.