logo

Daxili işlər orqanları arasında Azərbaycan-Qazaxıstan əməkdaşlığı müzakirə olunub

16:53 14-10-2019 | icon 2191
Daxili işlər orqanları arasında Azərbaycan-Qazaxıstan əməkdaşlığı müzakirə olunub

Oktyabrın 14-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov  ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Yerlan Turqumbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, görüşdə V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Yerlan Turqumbayevi təbrik edərək, bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, ölkələrimiz arasındakı əlaqələrin daim strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladan nazir dövlətlərimizin başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini, sahələrarası səmərəli işbirliyinin yeni məzmun kəsb etdiyini diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın, ilk növbədə, xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.

Qazaxıstanın daxili işlər naziri, polis general-leytenantı Yerlan Turqumbayev yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Y.Turqumbayev ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, insan hüquq və azadlıqlarının müdafiəsi, DİN sistemində həyata keçirilən islahatlar, əməliyyat-xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və digər sahələrdə görülən işlər, həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.

Səmimi və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.