logo

Qubada “Alma bayramı” keçirilir

15:31 12-10-2019 | icon 2625
Qubada “Alma bayramı” keçirilir

Oktyabrın 12-də Qubada keçirilən “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib.

  YeniAvropa  xəbər verir ki, 2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub.

Bayram tədbirinə Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət agentliklərinin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev artıq altıncı dəfədir təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb. Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur. Bunun 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır.

Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, ölkəmizdə bütün sahələrdə islahatlar aparıldığını qeyd edib. Bildirilib ki, Quba rayonunda keçirilən “Alma bayramı” ölkəmizdə hökm sürən siyasi sabitliyin daha bir göstəricisidir. 

Tədbirdə bildirilib ki, ölkəmizdə alma istehsalının təşviqi, almanın ixrac potensialının artırılması, Azərbaycanda alma istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılması baxımından “Alma bayramı”nın təşkili mühüm əhəmiyyət kəsb edir. Bu gün respublika üzrə ümumi alma bağları əkinlərinin 71,6 faizi, o cümlədən məhsul istehsalının da 71 faizi Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Ən çox alma istehsal edən rayonların siyahısında Quba rayonu ilk pillədə qərarlaşıb. Ötən il Qubada 115,8 min ton alma istehsal edilib. Qubalı fermerlər bu sortları günümüzə qədər qoruyub saxlamaqla bu gün keçirilən festivala ev sahibliyi etməyə mənəvi haqq əldə ediblər.

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Tədbirə qatılan qonaqlar mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təqdim olunub.