logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

20:17 11-10-2019 | icon 2527
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 12-13-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa -ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, oktyabrın 12-də bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 20-25°, dağlıq rayonlarda 12-17° isti olacağı proqnozlaşdırılır.

Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25°, dağlıq rayonlarda 14-17° isti olacağı bildirilir.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturunun 20-25° isti olacağı ehtimal edilir.

Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın maksimal temperaturu 23-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 12-də axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı ehtimalı var.

Paytaxtda isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir. Oktyabrın 13-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gündüz 20-23° isti olacağı gözlənilir.