logo

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib

21:55 10-10-2019 | icon 2625
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə edilib

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, görüşdə Şahin Mustafayev  ölkələrimiz arasındakı əlaqələrin strateji səviyyədə olduğunu deyib.

Qeyd edilib ki, dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm tərəfdaşlığın daha da dərinləşməsini şərtləndirən əsas amillərdir.

Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın əlverişli platforma olduğunu diqqətə çatdırıb, bu ilin sentyabrında Bakıda Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Qeyd edilib ki, Komissiyanın iclasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan hərtərəfli Fəaliyyət Planının qəbul edilməsi iqtisadi-ticarət münasibətlərimizin inkişafına, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəkdir.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti, əldə olunan nailiyyətlər barədə məlumat verib.

Bildirib ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sənaye sahəsində də sıx əlaqələr mövcuddur və Azərbaycan müəssisələri Türkiyənin sənayenin innovativ üsullarla inkişafında zəngin təcrübəsindən yararlana bilərlər. Sumqayıt Kimya Sənaye Parkının təşkilində artıq Türkiyə təcrübəsindən istifadə edilib.

Nazir qida, əczaçılıq, yüngül sənaye, maşınqayırma, texniki avadanlıq istehsalı və s. istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb və hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa, birgə layihələr həyata keçirməyə dəvət edib.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Həsən Böyükdede Azərbaycan-Türkiyə iqtisadi-ticarət, investisiya əməkdaşlığının uğurlu inkişafını vurğulayıb, sənaye sahəsində əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə sənayenin müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Toplantısı çərçivəsində biznes forumun təşkili barədə müzakirələr aparılıb.