logo

SOCAR Türkiyədə daha bir neft-kimya kompleksi yaradacaq

17:20 10-10-2019 | icon 2667
SOCAR Türkiyədə daha bir neft-kimya kompleksi yaradacaq

SOCAR ilə "BP"nin birgə Türkiyədə inşa etməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov oktyabrın 10-da keçirdiyi mətbuat konfransında deyib.

“Bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq. Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi, eyni zamanda, hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ildə başlanması planlaşdırılır. BP və SOCAR-ın tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur”, - deyə A.Məmmədov diqqətə çatdırıb.

Xatırladaq ki, ötən il dekabrın 20-də BP və “SOCAR Turkey” (STEAŞ) Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş imzalayıblar.