logo

Bakı Polisi: "Müxalifətin piketində kütləvi hüquq pozuntuları olub"

12:32 09-10-2019 | icon 2737
Bakı Polisi: "Müxalifətin piketində kütləvi hüquq pozuntuları olub"

Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə daha çox tərəfdarın cəlb olunmasına çalışıblar. Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axınının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına səbəb olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaradıb. Ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar “piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar. Bu əməllər onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə acınacaqlı durum yaradıblar.

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla yerinə yetiriblər.