logo

Cari ildə 1,8 ton narkotik vasitə dövriyyədən çıxarılıb

18:55 04-10-2019 | icon 2394
Cari ildə 1,8 ton narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin səkkiz ayında 1 ton 800 kiloqramdan çox narkotik vasitə götürülüb ki, onun da 800 kiloqramı heroindir. Bir ton səkkiz yüz kiloqram narkotik vasitənin qara bazarda dəyəri 70 milyon manatdır.

YeniAvropa xəbər verir  ki, bunu baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov oktyabrın 4-də jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov qeyd edib ki, hətta kənardan da narkotiklərin ölkə ərazisinə tranzit yolla keçirilməsi cəhdləri artıb. Buna görə də hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə çox ciddi tədbirlər görülür. Bütün bu məsələlər dövlətimizin başçısının nəzarətindədir. Ölkəmizdə narkotik vasitələrlə mübarizədə milli və beynəlxalq səviyyədə mükəmməl qanunvericilik bazası formalaşıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra İranla olan dövlət sərhədimizin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib. Bu isə yeni narkotik tranzitinin yaranmasına səbəb olub.

Hətta BMT nümayəndələri qeyd edirlər ki, işğal olunmuş ərazilərimizdə yeni marşrut yaradılıb.

Baş nazirin müavini deyib: “Biz işğal altındakı ərazilərimizdə narkotik vasitələrin əkilməsi, becərilməsi, orada laboratoriyaların qurulması və cinayətkar qruplaşmaların hazırlandığını əvvəllər də bildirirdik. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni narkotik vasitələrin satışı ilə məşğul idi. Təəssüf ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra işğal olunan ərazilərimizdə narkotiklərin əkilib-becərilməsi Sarkisyanın iqtidarda olduğu dövrlə müqayisədə xeyli artıb. Beynəlxalq ekspertlər, BMT qurumları bu barədə məlumatlandırılıb. Hətta BMT nümayəndələri də qeyd edirlər ki, işğal olunmuş ərazilərimizdə yeni marşrut yaradılıb. BMT-nin müvafiq komissiyasını işğal olunmuş ərazilərdə monitorinqlərin aparılması üçün dəvət etsək də, Ermənistan həmin komissiyanın üzvlərini əraziyə buraxmadı. Yəni, Ermənistan özbaşınalıqları davam etdirir. Lakin bir gün bunun da sonu olacaq”.

Azərbaycanın narkotiklərlə mübarizə sahəsində digər ölkələrlə fəal təcrübə və informasiya mübadiləsi apardığını, sıx əməkdaşlıq etdiyini vurğulayan Əli Həsənov deyib: “Ölkəmiz bu istiqamətdə BMT-nin müvafiq konvensiyalarına qoşulub. Beynəlxalq qanunvericilik çərçivəsində də ölkəmizdə bu sahədə mübarizə aparılır. Narkotiklər ümumi bəla olduğu üçün təkcə dövlət deyil, bütün cəmiyyət bu problemlə mübarizəyə qoşulmalı və gələcək nəsilləri qorumalıdır".