logo

Həsən Ruhani Ermənistanı İranın tranzit imkanlarından faydalanmağa çağırıb?

22:20 02-10-2019 | icon 2499
Həsən Ruhani Ermənistanı İranın tranzit imkanlarından faydalanmağa çağırıb?

Avrasiya İqtisadi ittifaqının(AİB) Ermənistanda keçirilən sammitində İran prezidenti Həsən Ruhani maraqlı təkliflə çıxış edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Həsən Ruhani çıxışında birliyə üzv olan dövlətləri İranın tranzit imkanlarından faydalanmağa çağırıb.

Xatırladaq ki, indiyədək Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus daxildir. İran da bu quruma daxil olmağa hazırlaşır. 

İran prezidenti bildirib ki, İranın körfəz, Oman və Xəzər dənizləri sahillərində böyük infrastruktura malik limanları var. O qeyd edib ki, həmin dənizlərin sahillərindəki Astara, Əmirəbad, Ənzəli, Bəndər-Abbas, İmam Xomeyni, Çabahar limanları istənilən həcmdə yükləri qəbul edib yola salmaq imkanına malikdir. Bu limanlar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır.

Prezident Həsən Ruhaninin çıxışında maraq doğuran məqam ondan ibarətdir ki, adı çəkilən limanlara daxil olan yüklər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınacaq. Cənub-Şərqi Asiya ölkələri Rusiya və Avropa ilə yük mübadiləsini və idxal-ixrac əməliyyatlarını məhz bu limanlar vasitəsilə həyata keçirəcəklər. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar, Bəndər-Abbas, İmam Xomeyni limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınacaq.

Məlum olduğu kimi, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Yolun Rəşt-Astara hissəsində işlər davam edir. İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən 8 kilometrlik dəmir yolu da iki ildir ki, fəaliyyətə başlayıb və bu yolla İran Rusiya ilə ticarət əlaqələrini davam etdirir.

Ekspertlərin qənaətinə görə, İran prezidentinin bu çıxışında irəli sürdüyü təklif  daha çox Ermənistanın xeyrinədir. Belə ki, ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti Ermənistanı Azərbaycanın iştirakı ilə bölgədə həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qoyub. İndi isə İran prezidentinin bu təklifi Ermənistan üçün bölgədə reallaşan digər beynəlxalq iqtisadi layihələrə, konkret olaraq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən  faydalanmaq imkanı yaradır.