logo

ADU-da Mahatma Qandinin 150 illik yubileyi qeyd olunub

20:59 02-10-2019 | icon 2212
ADU-da Mahatma Qandinin 150 illik yubileyi qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) Hindistan milli-azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

YeniAvropa xəbər verir  ki, ADU və Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə universitetin prorektoru Jalə Qəribova iki ölkə arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. O, görkəmli şəxsiyyət Mahatma Qandinin xidmətlərindən danışıb. Qeyd edib ki, Hindistan milli-azadlıq mübarizəsinin lideri Mahatma Qandi özündən sonra gələn nəsillər üçün böyük ideya məktəbini miras qoyub. Onun irsinin öyrənilməsi tələbələr üçün nəinki Hindistan tarixinin, eləcə də dünyada gedən siyasi proseslərin, azadlıq və müstəqillik ideologiyasının qlobal inkişaf dinamikasının mənimsənilməsi baxımından olduqca vacibdir. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulduğu, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququnun tanındığı Azərbaycan kontekstində Mahatma Qandinin anılması xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Hindistan müstəqillik ideologiyasının zəngin təcrübəsinə malikdir. Təbii ki, iki dövlətin bu sahədə bir-biri ilə paylaşacaq, bir-birindən faydalanaraq birgə təcrübələrini digər regionlara da ötürmək kimi çox geniş imkanları var. Mahatma Qandi Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndəsi idi. Onun fəlsəfəsinin əsasını zorakılığa qarşı mübarizə və sülhün təbliği təşkil edib. Azərbaycan Xalq Cümhuriyyətinin baniləri də cümhuriyyət ideologiyasını ədəbiyyat və fəlsəfə üzərində qurublar. Bu baxımdan, hər iki ölkənin müstəqillik ideologiyası irsinin qarşılıqlı surətdə öyrənilməsi və gələcəkdə bunun elmi araşdırılması, eləcə də elmi konfransların mövzusuna çevrilməsi çox vacibdir.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Mahatma Qandinin ölkəsinin tarixində mühüm yer tutduğunu bildirib.

Qeyd olunub ki, Mahatma Qandi sülh, qardaşlıq, qeyri-zorakılıq ideyalarını fəal təbliğ edib. Mahatma Qandi təkcə Hindistan xalqının deyil, bütün bəşəriyyətin inkişafına çalışdığı üçün onun irsi həm də dünya xalqlarına aiddir.

Milli Məclisin deputatı Rüfət Quliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Bədirxan Əhmədov Mahatma Qandinin ideyalarının əhəmiyyətindən danışıblar.

Tədbirdə Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.