logo

Sukarnonun nəvəsi İndoneziya parlamentinin sədri seçilib

10:10 02-10-2019 | icon 2828
Sukarnonun nəvəsi İndoneziya parlamentinin sədri seçilib

İndoneziyanın sabiq prezidenti Sukarnonun nəvəsi xanım Puan Maharani Xalq Nümayəndələri Şurasının (parlamentin aşağı palatası) sədri seçilib. Onun namizədliyi təmsil etdiyi İndoneziya Demokratik Mübarizə Partiyası (PDI-P) tərəfindən irəli sürülüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, oktyabrın 1-də parlamentdə təmsil olunan partiyaların nümayəndələri 2019-2024-cü illərdə P.Maharaninin parlamentə sədrlik etməsinə səs veriblər.

Məlumatda qeyd edilib ki, İndoneziyanın ilk qadın prezidenti Meqavati Sukarnoputinin qızı olan P.Maharani parlamentə seçildiyi Mərkəzi Yava seçki dairəsində 404 min 34 seçicinin səsini qazanıb. Onun təmsil etdiyi PDI-P partiyası isə nümayəndələr palatasında ən çox - 128 yer alıb.

Siyasi ekspertlərin proqnozlarına görə, 2024-cü ilədək parlamentə rəhbərlik edəcək P.Maharani həmin il keçiriləcək növbəti prezident seçkilərində əsas namizəd ola bilər. Bununla yanaşı, onun 2020-ci ildə 72 yaşlı anasını əvəz edərək PDI-P partiyasının sədri seçiləcəyi də gözlənilir.

Xatırladaq ki, İndoneziyanın Milli qəhrəmanı olan Sukarno 1945-1967-ci illərdə, onun qızı M.Sukarnoputri isə 2001-2004-cü illərdə ölkə prezidenti olublar.