logo

Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir

11:45 29-09-2019 | icon 2842
Avstriyada növbədənkənar parlament seçkiləri keçirilir

Sentyabrın 29-da Avstriyada növbədənkənar parlament seçkiləri start götürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ilk səsvermə məntəqələri yerli vaxtla saat 6:00-da açılıb. Saat 17:00-a kimi davam edəcək səsvermə prosesində ölkənin 6,4 milyon seçki hüququna malik vətəndaşı iştirak edə bilər. Seçkilərin ilkin nəticələri axşam saatlarında elan olunacaq, lakin bu zaman səslərin təxminən 20 faizinin nəticəsi hələ bəlli olmayacaq. Çünki seçicilərin 1,07 milyon nəfəri səsvermə hüququndan seçki məntəqəsində deyil, məktub vasitəsilə istifadə etmək qərarı verib və qanunvericiliyin tələbinə görə, onların seçki dairələrinə ünvanladıqları seçki vərəqələri yalnız bazar ertəsi hesablanacaq.

8 partiyanın mübarizə apardığı parlament seçkilərində Avstriya Xalq Partiyasının (ÖVP) qalib gəlmə şansı yüksək hesab olunur. Sentyabrın 23-də keçirilmiş sorğuların nəticələrinə görə, bu partiya seçkilərdə 34 faiz, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə 22 faiz səs toplaya bilər. ÖVP ilə koalisiya quracağı ehtimal olunan sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) isə 20 faiz səs toplayacağı gözlənilir.

Qeyd edək ki, parlamentdə 183 mandat uğrunda mübarizədə hər bir partiya ölkə üzrə ümumi səslərin ən azı 4 %-ni toplamalıdır. Seçkiöncəsi sorğularda 5 partiyanın bu baryeri keçə biləcəyi proqnozlaşdırılıb.