logo

Azərbaycan voleybolçuları Avropa Olimpiya təsnifat turnirində yarışacaq

20:11 27-09-2019 | icon 3003
Azərbaycan voleybolçuları Avropa Olimpiya təsnifat turnirində yarışacaq

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi "Tokio 2020" Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün gələn il yanvarın 7-12-də Avropa qitəsi üzrə keçiriləcək təsnifat turnirində iştirak edəcək.

YeniAvropa Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, turnir Hollandiyanın Apeldorn şəhərində təşkil olunacaq.

"Tokio 2020"yə vəsiqə əldə etmək üçün 8 ən yaxşı komanda mübarizə aparacaq. Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən dəqiqləşib. Milli komandamız qitə birinciliyini 10-cu yerdə başa vursa da, artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması voleybolçularımızın Apeldorna yolunu açıb.

Nəticədə turnirdə yeganə lisenziyaya Azərbaycan və meydan sahibi Hollandiya ilə yanaşı, Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər.

Kişi komandaları arasında keçiriləcək təsnifat turnirində isə Azərbaycan millisi mübarizə aparmayacaq. Həmin turnir yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya güclərini yoxlayacaqlar.

Kişilərin yarışında Yaponiya, Braziliya, ABŞ, İtaliya, Polşa, Rusiya və Argentina, qadınların mübarizəsində isə Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya "Tokio 2020"də iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.