logo

Nyu-Yorkda GUAM xarici işlər nazirlərinin 34-cü iclası keçirilib

21:12 26-09-2019 | icon 2562
Nyu-Yorkda GUAM xarici işlər nazirlərinin 34-cü iclası keçirilib

Sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM xarici işlər nazirlərinin 34-cü iclası keçirilib.

 YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov, Gürcüstanın xarici işlər naziri D.Zalkaliani, Moldova Respublikasının xarici işlər  və Avropa İnteqrasiyası naziri N.Popesku, Ukraynanın xarici işlər naziri V.Pristayko (toplantının sədri qismində) və GUAM təşkilatının baş katibi A.Əfəndiyev iştirak ediblər.

İclasda GUAM formatında siyasi qarşılıqlı fəaliyyət məsələləri, parlamentlərarası əməkdaşlığa dair kompleks məsələlər, sahəvi əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

Xarici işlər nazirlərinə baş katib tərəfindən beynəlxalq səviyyədə GUAM nəqliyyat koridorlarının irəlilədilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və bu xüsusda birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazirlər energetika üzrə işçi qrupunun iclasının və onun nəticələrinə uyğun olaraq yüksək səviyyəli görüşün təşkil edilməsinin vacibliyini nəzərə alıblar.

İclasda, həmçinin GUAM-a üzv dövlətlərin xarici işlər nazirlikləri nəzdində yaradılmış Diplomatik akademiyaların rəhbərlərinin görüşlərinin nəticələri, eləcə də əməkdaşlığın mədəni-humanitar ölçüsünün inkişafı və bu xüsusda gənclər və idman sahəsində tədbirlərin həyata keçirilməsi müzakirə edilib.

Xarici İşlər nazirləri GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini nəzərdən keçirib, bu xüsusda GUAM Katibliyinin Dünya Turizm Təşkilatının Katibliyi ilə əməkdaşlığının qurulmasına dəstək ifadə ediblər.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.