logo

Zaqatalada beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək

19:16 23-09-2019 | icon 2422
Zaqatalada beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək

Sentyabrın 28-dən 30-dək Zaqatala rayonunda keçiriləcək Beynəlxalq fındıq, qoz, şabalıd festivalına yüksək hazırlıq işləri görülür.

 YeniAvropa xəbər verir  ki, Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivalda ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici ölkə səfirliyinin nümayəndələri, nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ətraf rayonlardan dəvət olunmuş qonaqlar, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak edəcəklər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalın birinci günü, sentyabrın 28-də keçiriləcək rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutacaq. Təbrik və çıxışlardan sonra festival iştirakçıları meydanda yaradılan “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini izləyəcəklər. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdiriləcək. Festival iştirakçıları, həmçinin fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaq, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxacaqlar. Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq. Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

Festivalın sonuncu günü qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.