logo

Cahangir Novruzova  xalq artisti fəxri adının vəsiqəsi təqdim olunub

14:48 23-09-2019 | icon 2366
Cahangir Novruzova  xalq artisti fəxri adının vəsiqəsi təqdim olunub

Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov xalq artisti fəxri adına layiq görülüb.

 YeniAvropa xəbər verir ki, sentyabrın 23-də mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. Görüşdə nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Əbülfəs Qarayev Cahangir Novruzovu yüksək fəxri ada layiq görülməsi münasibətilə təbrik edib, xalq artisti fəxri adının nişanını və vəsiqəsini ona təqdim edib.

Cahangir Novruzov öz növbəsində bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışacağını bildirib.

Xatırladaq ki, Cahangir Novruzov Azərbaycanın korifey sənətkarı, xalq artisti Nəsibə Zeynalovanın oğludur.