logo

Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb

15:08 20-09-2019 | icon 2597
Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb

Çin Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycan isə Çinə 1,7 milyard dollar investisiya yatırılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazir deyib ki, Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir : "Ölkəmizdə 119 Çin kapitallı şirkət fəaliyyət göstərir. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 milyard ABŞ dollarından çox olub. Qarşılıqlı investisiya əlaqələrimiz genişlənir. Çindən Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 milyard dollar sərmayə yatırılıb”.

“Bununla belə, qarşılıqlı sərmayə qoyuluşları, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur və bu istiqamətlərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Hazırda Çində Azərbaycanın 2 şərab və 1 ticarət evi fəaliyyət göstərir. Çində Azərbaycanın daha 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, bu ölkəyə ixrac missiyaları təşkil olunur. Ötən il ölkəmiz Birinci Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib. Bu il təşkil olunacaq İkinci Çin Beynəlxalq İdxal Sərgisində də Azərbaycan şirkətlərinin iştirakı nəzərdə tutulur. Aparılan işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına imkan yaradır”, - deyə Ş.Mustafayev əlavə edib.

Sənaye sahəsində əlaqələrdən danışan nazir “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında bu gün imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.

“SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti L.Yan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycandakı əlverişli investisiya mühiti və biznesə yüksək dövlət dəstəyi özəl sektorun inkişafına, investisiya qoyuluşuna geniş imkanlar açır.

Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən L.Yan “SINOMACH Group”un "Fortune Global 500" dünyanın ən böyük şirkətlərinin illik reytinqində 250-ci yerdə qərarlaşdığını, sənaye, xüsusilə maşınqayırma, kənd-təsərrüfatı və digər sahələrdə böyük təcrübəsinin Azərbaycanda tətbiq etməyə hazır olduğunu qeyd edib.

Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Aqrar-Sənaye Parkının yaradılması barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında anlaşma memorandumu, Azərbaycanın "AS İnvestment" şirkəti və “China CAMC Engineering” arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.