logo

Sabah Bakıda 28° isti olacaq,bəzi bölgələrdə isə yağış yağacaq

14:55 19-09-2019 | icon 2457
Sabah Bakıda 28° isti olacaq,bəzi bölgələrdə isə yağış yağacaq

Ölkə ərazisində sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22°, gündüz 25-29° isti, Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 28-33° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 25-30° isti, dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacağı ehtimal edilir.