logo

Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

14:49 17-09-2019 | icon 2702
Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq

Rusiya Federasiyasının Həştərxan vilayətinin başçısı İqor Babuşkin Həştərxanda səfərdə olan Bakı şəhəri Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 YeniAvropa  Həştərxan vilayəti qubernatoru Administrasiyasının mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, görüşdə tərəflər gəmiqayırma, ticari-iqtisadi, sosial sahələrdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Qubernator vəzifəsini icra edən İqor Babuşkin Olya limanında yeni xüsusi iqtisadi zonanın yaradılması perspektivlərindən bəhs edib və bu sahədə əməkdaşlığa çağırıb: “Biz bu liman vasitəsilə yükdaşımaların artırılması perspektivinə böyük diqqət yetiririk. O, cənubla şimalı, qərblə şərqi birləşdirəcək. Hesab edirik ki, bu liman zonasının inkişafı yükdaşımaların 15 milyon tona çatdırılmasına imkan verəcək”.

Xəzərdə turizmin inkişafından danışan region rəhbəri xatırladıb ki, bu yaxınlarda Həştərxan-Bakı aviamarşrutu bərpa olunub. O, Azərbaycandan gələn reyslərin sayının artırılması məsələsinə baxılmasını da təklif edib. Qubernator vəzifəsini icra edən İqor Babuşkinin sözlərinə görə, dəniz kruiz marşrutunun da təşkili Xəzəryanı ölkələrin turizm marşrutlarını birləşdirəcək. Həştərxanda “Böyük Pyotr” adlı müasir və komfortlu gəminin inşası başa çatır. Bu nəqliyyat vasitəsi Xəzər dənizində turizm reyslərini həyata keçirəcək.

Hazırda Həştərxan vilayətində Azərbaycanın “KDY Logistics” şirkətinin logistik hab yaradılması ilə bağlı layihəsi üzərində iş gedir. Bu layihə vasitəsilə Azərbaycandan, İrandan, Türkiyədən, Türkmənistandan və Özbəkistandan Rusiyaya və MDB-nin digər ölkələrinə kənd təsərrüfatı məhsullarının daşınması həyata keçiriləcək. Regionun başçısı Həştərxan vilayətində şirkət tərəfindən reallaşdırılan layihələrin əhəmiyyətini vurğulayıb və nəqliyyat habının formalaşması üçün hər cür şəraiti yaratmağa hazır olduğunu bildirib.

2018-ci ildən Həştərxan vilayətində Azərbaycan Biznes Mərkəzi fəaliyyət göstərir. Hazırda Bakıda da Həştərxanın analoji mərkəzinin tikintisi işləri davam edir və bu ilin sonunda onun açılışı nəzərdə tutulur. Abdin Fərzəliyev görüşdə bildirib ki, Mərkəzin yeddimərtəbəli binası paytaxtın mərkəzində yerləşəcək. Bu, ölkənin ən böyük biznes mərkəzi olacaq. Abdin Fərzəliyev region rəhbərini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu ona çatdırıb.

Abdin Fərzəliyev deyib: “Nümayəndə heyətimiz ildə ən azı iki-üç dəfə Həştərxanda olur. Bizim birgə humanitar və sosial layihələrimiz təkcə Azərbaycanda və Həştərxanda deyil, həmçinin bütün dünyada tanınır. Həştərxan Rusiyanın Azərbaycana ən yaxın subyektidir. Biz bu vilayətlə həmişə dost münasibətlər saxlamışıq. Düşünürəm ki, sizin qubernator vəzifəsinə seçilməyiniz əməkdaşlığımızın inkişafına əlavə təkan verəcək”.