logo

İlham Əliyev Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib

12:52 16-09-2019 | icon 301
İlham Əliyev Türkiyənin vitse-prezidenti Fuat Oktayı qəbul edib

Prezident İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə  Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirən prezident İ.Əliyev əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğulayıb.O,  yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini deyib. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi deyib və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə edib. O,ı hökumətlərarası komissiyanın Bakıda keçirilən iclasının səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib və Türkiyənin vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını prezident İlham Əliyevə çatdırıb. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd edib. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırıb və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə edib.

Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.