logo

İlham Əliyev Latviyanın yeni səfirinin etimadnaməsini qəbul edib

16:40 14-09-2019 | icon 2240
İlham Əliyev Latviyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə səfir Daynis Qarançs etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd edib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu deyib. O, Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Daynis Qarançs Azərbaycanın Latviyanın regionda strateji tərəfdaşı olduğunu deyib. O, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək inkişafını qeyd edərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini bildirib. Daynis Qarançs iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət dövriyyəsinin artırılması üçün hökumətlərarası komissiyanın mühüm rol oynadığını söyləyib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında regionlararası əlaqələrin vacibliyini qeyd edən səfir Azərbaycanın və Latviyanın 14 şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu deyib. O, mədəniyyət, elm, təhsil kimi sahələrdə də Azərbaycanla Latviya arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunulub, Aİ üzv ölkəsi kimi Latviyanın ölkəmizin bu təşkilatla əməkdaşlığının inkişafına verdiyi dəstək qeyd olunub.