logo

Paytaxtda mağazalardan oğurluq edən şəxslər tutulublar

19:52 13-09-2019 | icon 2653
Paytaxtda mağazalardan oğurluq edən şəxslər tutulublar

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayondakı mağazaların birindən 2 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Oğurluq etdiyinə görə tutulmuş M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 18-də rayondakı evlərin birindən 950 manat oğurlaması da aşkarlanıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları isə sentyabrın 7-nə keçən gecə Hökməli qəsəbəsindəki mağazaların birindən 200 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovu yaxalayıblar.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.