logo

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

19:51 11-09-2019 | icon 4676
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılışı olub.

YeniAvropa xəbər verir  ki, tədbir İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Festivalda İndoneziyanın Təhsil və Mədəniyyət, Gənclər və İdman, eləcə də aidiyyəti üzrə digər nazirliklər təmsil olunub.

Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilib. Bununla bağlı İndoneziyanın iqtisadiyyat, turizm və digər sahələrini təmsil edən iş adamları da Azərbaycana gəliblər. Musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalın açılış mərasimində iştirak ediblər.

Festivalın açılışında İndoneziya xalqına məxsus “Ankluq” musiqi alətində ifalar, “Kuda lumpinq” adlanan atlılar dəstəsini əks etdirən ənənəvi “Yava” rəqsi təqdim olunub. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - “Topenq kras” tamaşaçılara xoş təsir bağışlayıb.

“Mocanq prianqan” rəqsi Cayponqan janrındadır. Bu janr, İndoneziyanın qərbi Yava əyalətində məskunlaşmış sunda əhalisinin populyar ənənəvi rəqsidir. Bu xalqın milli sərvətlərindən olan “Randay” musiqi, ifa, rəqs, dram və silat döyüş sənətini özündə birləşdirən xalq teatrı ənənəsidir. Festivalın açılış mərasimində təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların zövqünü oxşayıb.

Xatırladaq ki, festival sentyabrın 13-dən 15-dək Fəvvarələr meydanında davam edəcək.