logo

Bakıda Avropa Şurasının yaranmasının 70 illiyi qeyd edilib

18:49 11-09-2019 | icon 2226
Bakıda Avropa Şurasının yaranmasının 70 illiyi qeyd edilib

Sentyabrın 11-də Azərbaycan-Fransız Universitetində Avropa Şurası Parlament Assambleyasının(AŞPA) prezidenti Lilian Mori Paskienin iştirakı ilə Avropa Şurasının yaranmasının 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Lilian Mori Paskie çıxış edərək əsas prinsipləri insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi olan bu təşkilata Azərbaycan Respublikasının 2001-ci ildən tamhüquqlu üzv qəbul edildiyini xatırladıb. O deyib ki, Azərbaycanın və digər ölkələrin Avropa Şurası Parlament Assambleyasına qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb. Ona görə də AŞPA-nın 70 illiyi ilə bağlı tədbir Azərbaycanda keçirilir. Qurumun rəhbəri yaradılan bu imkana görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. AŞPA prezidenti təşkilata üzv ölkələrin siyasi əməkdaşlığı və dialoqu inkişaf etdirməsinin vacib olduğunu deyib.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra məhkəmə-hüquq sistemində, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görüb. Bundan başqa, mətbuat və söz azadlığının qorunması sahəsində, korrupsiyaya qarşı mübarizədə islahatlar aparılıb. Ölkəmiz onlarla beynəlxalq sənədə qoşulub.

Qeyd edək ki, tədbirdə Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə baş direktoru Kristos Giakoumopoulos, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyes və digər şəxslər iştirak ediblər.

Dəyirmi masa müzakirələrlə davam edib.