logo

Tramp Nyu-Yorkda Ruhani ilə görüşə israr edir

17:16 11-09-2019 | icon 2737
Tramp Nyu-Yorkda Ruhani ilə görüşə israr edir

ABŞ prezidenti Donald Tramp bir daha İran prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, ötən gün Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandıran D.Tramp bəyan edib ki, Nyu-Yorkda prezident H.Ruhani ilə görüşməsi üçün heç bir problem yoxdur.

Xatırladaq ki, bundan əvvəl D.Trampın özü və dövlət katibi Maykl Pompeo bildirmişdilər ki, rəsmi Vaşinqton İran ilə yenidən danışıqlara başlamaq niyyətindədir. Dövlət katibi "ABC News" kanalına müsahibəsində deyib ki, prezident D.Tramp Həsən Ruhani ilə görüşmək istəyir.

Maraqlı məqam ondan ibarətdir ki, dünən D.Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı sanksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdikdən sonra H.Ruhani ilə görüşmək istədiyini bildirib.

İran mətbuatı isə qeyd edir ki, ABŞ rpezidenti sanksiyaların əks səmərə verdiyini başa düşərək C.Boltonu istefaya göndərib və İrana qarşı xoş məramlı addım ataraq danışıqlara başlamaq niyyətini ortaya qoyub.

Qeyd edək ki, hələlik rəsmi Tehran ABŞ prezidentinin bəyanatına münasibət bildirməyib. Lakin İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxti Rəvanç bildirib ki, rəsmi Tehran ağır sanksiyalar şəraitində danışıqlar aparmayacaq.

Xatırladaq ki, sentyabrın 17-dən 26-dək Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. İranın prezident administrasiyasından bildiriblər ki, prezident Həsən Ruhani bu toplantıya qatılmaq üçün Nyu-Yorka gedəcək.