logo

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünün tarixi açıqlandı

16:44 05-09-2019 | icon 2618
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünün tarixi açıqlandı

Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib. Qeyd edilib ki,  zirvə görüşü çərçivəsində həmçinin Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq. Bu məqsədlə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amrayevlə görüşüb.

Görüşdə səfir B. Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan Ticarət və Sənaye Palatası, Macarıstan hökuməti iştirak edəcək, eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı Macarıstan da müşahidəçi qismində təmsil olunacaq.

Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq biznes forum keçiriləcəyini vurğulayan Bağdad Amrayev Konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu söyləyib.

ASK prezidenti Daşkənddə olacaq biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. Məmməd Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.

Görüş əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türk dövlətində biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.

Qeyd edək ki, oktyabrın 14-15-də Bakıda keçiriləcək sammit və biznes forum “Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq.

Qeyd edək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artıb.

Xatırladaq ki, 17 may 2019-cu il tarixində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət - sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib.