logo

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi açılıb

16:15 30-08-2019 | icon 2975
Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi açılıb

Avqustun 30-da Bakı İdman Sarayında Hindistanın Azərbaycandakı səfirliyi və Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının dəstəyi ilə “Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbirinin açılışı olub.

Xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətləri və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.

 YeniAvropa xəbər verir  ki, “Hindistanın ən yaxşıları” sərgisində yüksək keyfiyyətli məhsul istehsal edən 40-dan çox Hindistan şirkəti iştirak edir. Həmin şirkətlər düyü, çay, ədviyyatlar, hədiyyələr və sənətkarlıq məhsulları, ev mebeli, tekstil, geyim, zinət əşyaları, kosmetika məhsulları sərgiləyirlər.

“Hindistanın ən yaxşıları” sərgisində biznes və ticarətdən əlavə, həmçinin Hindistan mədəni irsini nümayiş etdirən milli rəqslər də təqdim olunacaq. Sərgidə açılış günü 60 stend nümayiş etdirilir və sonrakı günlərdə stendlərin sayının artacağı gözlənilir.

Sərginin açılışında iştirak edən səfir Bavitlunq Vanlalvavna deyib ki, Azərbaycanda Hindistan məhsulları sərgisi bu il ikinci dəfədir keçirilir: “Biz ticarət məhsullarının sərgisinin Bakıda açılışından çox məmnunuq. Ümid edirəm ki, Azərbaycan və Hindistan arasındakı ticarət əlaqələri bundan sonra da inkişaf edəcək”.

Sərgiyə giriş sərbəstdir və sentyabrın 8-dək davam edəcək.

Məlumat üçün bildirək ki, Hindistan və Azərbaycan arasında inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. 2018-ci ildə ölkələr arasında ümumi ikitərəfli ticarətin həcmi 923 milyon dollara çatıb. Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC)Azərbaycandan olan təcrübəli kadrların və tələbələrin burada təlim proqramında iştirakını təmin edir.