logo

"S-400"ün ikinci partiyada Türkiyəyə çatdırılmasına başlanılıb

16:55 27-08-2019 | icon 2807
"S-400"ün ikinci partiyada Türkiyəyə çatdırılmasına başlanılıb

Moskva "S-400" zenit-raket komplekslərinin ikinci batareyasının elementlərini Türkiyəyə çatdırmağa başlayıb.

 YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiyadan gələn təyyarə “Mürtəd” aviabazasına enib. "S-400" zenit-raket komplekslərinin ikinci batareyasının ölkəyə çatdırılması bir ay davam edəcək”, - deyə Türkiyənin hərbi qurumundan bildiriblər.

İyul ayında komplekslərin birinci batareyası 30 yük təyyarəsi ilə Türkiyəyə gətirilmişdi.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya "S-400 Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Sazişə əsasən, Moskva Ankaraya dörd zenit-raket kompleksi divizionu çatdırmalıdır.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.

Uzaq məsafəli zenit-raket sistemi - "S-400 Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistanın da qoşulacağı gözlənilir.