"S-400" zenit-raket komplekslərinin ikinci batareyasının Türkiyəyə çatdırılması avqustun 27-də başlayacaq.
YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.
“S-400 zenit-raket komplekslərinin ikinci batareyası sabahdan Türkiyəyə gətirilməyə başlayacaq”, - deyə nazir "NTV" telekanalının efirində bildirib.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya "S-400 Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. "S-400" komplekslərinin ilk batareyasının komponentləri iyulun 12-dən 25-dək bu ölkəyə çatdırılıb.
Qeyd edək ki, Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.
Uzaq məsafəli zenit-raket sistemi "S-400 “Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.