logo

"G7" sammiti rəsmi bəyannamə qəbul edilmədən başa çatıb

10:58 26-08-2019 | icon 546
"G7" sammiti rəsmi bəyannamə qəbul edilmədən başa çatıb

Fransanın Biarrits şəhərində keçirilən  "Böyük Yeddilər" (G7) sammiti rəsmi Bəyannamə olmadan başa çatıb.  

YeniAvropa "BBC" telekanalının saytına istinadla xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin yekun tədbirində - işgüzar şam yeməyində ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə "G8" formatına qayıtmağı tələb edib.

"The Guardan" qəzetinin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, onun bu təklifini Avropa ölkələrindən yalnız İtaliya dəstəkləyib. Yaponiyanın baş naziri Sindzo Abe isə bu məsələdə neytral qalıb. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir.

"G7" qrupuna daxil olan ölkələrin liderləri Amazon meşələrində davam edən yanğınların söndürülməsi üçün Braziliyaya yardım göstərilməsi məsələsinə dair də razılıq əldə ediblər. Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, onun ölkəsi bu məqsədlə 10 milyon funt sterlinq ayırıb.

Daha bir qlobal əhəmiyyətli məsələ - ticarət müharibələrinin səngiməsi ilə bağlı müzakirələr isə gərgin keçib. ABŞ Prezidenti yeni qlobal ticarət sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirib və qeyd edib ki, hazırkı şərtlərlə ticari münasibətlər, xüsusən Çinlə iqtisadi əlaqələr Vaşinqtonu qane etmir. Avropa ölkələrinin liderləri isə ABŞ-Çin ticarət müharibəsinin onların iqtisadiyyatına zərər verdiyini vurğulayıblar.

Dünyanın silahlı münaqişə bölgələri ilə bağlı müzakirələr də gərgin keçib. Suriyadakı vəziyyət, İranın nüvə proqramı, Hörmüz boğazında gəmilərin naviqasiyasının təhlükəsizliyi, Şimali Koreyanın raket sınaqları üzrə ətraflı fikir mübadiləsi ilə yanaşı, Brexitin Avropa və dünya iqtisadiyyatına təsiri də gündəlikdə olub.