logo

Bu gün "Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır

09:31 22-08-2019 | icon 3052
Bu gün "Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır

UEFA Çempionlar Liqasında uğursuzluğa düçar olan Qurban Qurbanovun yetirmələri  bu gün Avropa Liqasında mübarizəyə başlayacaq. III təsnifat mərhələsində Kipr təmsilçisi APOEL-i keçə bilməyən (2:1, 0:2) ağdamlılar qitənin ikinci dərəcəli klub turnirində pley-offda qüvvəsini sınayacaq. Azərbaycan çempionu Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq.

"Qarabağ"ın heyətində böyük itkilər olsa da, komanda rəqibin oyunlarına baxıb təhlil edıb, qarşılaşmaya yaxşı hazırlaşıb.

YeniAvropa xəbər verir  ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiyada “Linfild”ə qarşı keçirəcəkləri Avropa Liqasının play-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib: “Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadılar və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra vəziyyətə aydınlıq gələcək”,-deyən Q.Qurbanov meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacaqlarını bildirib.

Qeyd edək ki, oyun avqustun 22-də Belfastdakı “Windsor Park”da Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Xatırladaq ki, səfərdə məğlub olmayacağı halda, “Qarabağ” qrup mərhələsinə bir addım yaxınlaşacaq. Son 5 ildə dörd dəfə Avropa Liqasında, bir dəfə Çempionlar Liqasında qrupa düşən ağdamlılar 6-cı uğuru gerçəkləşdirmək istəyindədir.