logo

Bakı şəhər prokurorluğu azyaşlının evdə zəncirlənməsinə dair məlumat yayıb

21:44 21-08-2019 | icon 2534
Bakı şəhər prokurorluğu azyaşlının evdə zəncirlənməsinə dair məlumat yayıb

Bakı şəhər prokurorluğu bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə dərc olunan məlumatlarla bağlı açıqlama yayıb.

Bakı şəhər prokurorluğunun  YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki,bununla bağlı sosial şəbəkələrdə xəbər yayılandan sonra məsələyə hüquq-mühafizə orqanları qarışıb. Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da BŞBPİ-yə daxil olub: “Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan 2010-ci il təvəllüdlü Ö.H.-nin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlaması faktı üzrə ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyub. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi üçün onun ayaqlarını zəncirlə bağlayıblar. Şahanə İsmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub.