logo

Hirkan Milli Parkında 2 gündür yanğın davam edir

16:12 21-08-2019 | icon 2359
Hirkan Milli Parkında 2 gündür yanğın davam edir

Hirkan Milli Parkında dağlıq zonada  dünəndən başlayan yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin(FHN) aviasiya dəstəsinin iki helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində hələ də tüstülənmə müşahidə olunur.

YeniAvropa xəbər verir  ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 hektar ərazini əhatə edir. Mürəkkəb relyefə malik ərazidə texnikaların hərəkəti mümkün olmadığı üçün yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının başvermə səbəbi kimi insan faktoru istisna edilmir. Milli Parkının ərazisində quru ot örtüyü və qurumuş ağacların sayı çox olduğuna görə yanğın ətrafa yayılıb.

Hazırda ərazidə yanğın davam edir. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi ilə birgə araşdırmalara başlayıb.