logo

Azərbaycanda Çin investisiyasılı kombi zavodu açıldı

15:49 21-08-2019 | icon 3395
Azərbaycanda Çin investisiyasılı kombi zavodu açıldı

Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  YeniAvropa-ya bildirilib ki, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.

Zavodun məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.

Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50 faizdən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov  zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi barədə məlumat verib. Qeyd edib ki, kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaq.

“Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli şərait yaradıldığını və bu baxımdan ölkəmizə investisiya yatırdıqlarını bildirib, KOBİA tərəfindən layihəyə hərtərəfli dəstək göstərildiyini qeyd edib.

Sonra tədbir iştirakçıları kombi zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.