logo

2018-ci ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edilib

21:13 06-02-2018 | icon 4095
2018-ci ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyənləşdirilib.

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

DİM-dən YeniAvropa-ya  bildiriblər ki, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 4-də, 11-də və 18-də təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə iyunun 21-də, 27-də və iyulun 3-də təşkil olunacaq.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür. Qrafik mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə etmək olar. Həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanı yaradılıb. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Qeyd edək ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.